Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 67-ci ildönümü Nərimanov rayonunda da geniş qeyd edilmişdir

09 may 2012 | 15:00

Mayın 9-da Nərimanov rayonunda yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksi önündə faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.
Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə Milli Məclisin deputatları, Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər MDB ölkələrinin ölkəmizdə akkreditə olunmuş səfirləri, müharibə veteranları, hərbçilər, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin fəxri keçidi olmuşdur.
Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1941-1945-ci illər Böyük Vətən Müharibəsində yüz minlərlə azərbaycanlının iştirak etdiyini və onlardan 300 mininin həlak olduğunu, 300 mindən çoxunun cəbhədə göstərdikləri igidliyə görə orden və medallarla təltif olunduğunu diqqətə çatdırmışdır. Müharibə illərində Azərbaycanın ön cəbhəni yanacaq, silah, ərzaq, geyimlə təmin etdiyini, neft və neft məhsullarının 70 faizinin Bakıda istehsal olunduğunu və Sovet ordusunun demək olar ki, bütün hərbi texnikasının Bakı nefti ilə işlədiyini vurğulamışdır.
Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan A.Fərzəliyev “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını qeyd etmişdir. Bildirilmişdir ki, sahəsi 11 min 220 kvadratmetr olan ərazidə o illərdə Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman döyüşçü dəfn olunmuşdur. Dəfn olunanlar arasında müxtəlif xalqların nümayəndələri vardır.
Müharibə veteranlarını Qələbənin 67-ci ildönümü münasibətilə təbrik edən A.Fərzəliyev Nərimanov rayonunda yaşayan 1941-1945-ci illər müharibəsinin veteranları ilə vaxtaşırı görüşlər keçirildiyini, onlara qayğı göstərildiyini demişdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində tədbirin əhəmiyyətini vurğulamışdır.
Milli Məclisin deputatı Adil Əliyev çıxışında qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə olan diqqət və qayğı artmış və Qələbə Günü Azərbaycanda daha möhtəşəm qeyd olunmağa başlanmışdır. Natiq bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulamışdır.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyini yüksək qiymətləndirildiyini xüsusi qeyd etmişdir. Səfir, Azərbaycanın müharibə illərində verdiyi töhfələri böyük qəhrəmanlıq adlandırmışdır.
Tədbirdə müharibə veteranları çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər