Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan şəhərində Azərbaycan dili və mədəniyyəti günləri keçirilmişdir

17 aprel 2013 | 15:00

Rusiya Federasiyasının Həştərxan vilayəti Administrasiyasının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair tədbirlər planı çərçivəsində cari ilin 15-16 aprel tarixlərində Həştərxan Dövlət Universitetində Azərbaycan dili və mədəniyyəti günləri keçirilmişdir.
Universitetin xarici dillər fakultəsinin akt zalında çıxış edən professor Olqa Yeqorova Azərbaycan xalqının mədəniyyəti və dili haqqında ətraflı məlumat vermiş,  Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında çıxış etmiş və Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov Həştərxan Dövlət Universiteti ilə birgə tədbirləri və gələcək əməkdaşlığın perspektivlərini açıqlamışdır.
Bununla yanaşı tədbir zamanı  Bakı şəhərinin Slavyan Universitetinin tələbə və müəllimlərinin iştirakı ilə canlı videokonfrans baş tutmuşdur. Videokonfrans zamanı Həştərxan Universitetinin tələbələri tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi məsələləri  ətrafında  fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda tələbələr arasında Azərbaycanın müasir şairlərinin poeziyalarından şer və Azərbaycan dilindən rus və ingilis dillərinə sinxron tərcümə müsabiqələri keçirilmişdir.
Tədbirdə “Müasir Azərbaycan” sənədli filmi nümayiş etdirilmiş, sonda tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya ifa edilmiş, Azərbaycan mətbəxinin nümunələri dequstasiya olunmuşdur.

Keçidlər