Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Mayın 19-20-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli və Salyan rayonlarından 33,3 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən 10 min ədəd yumurta gətirilmişdir.
Hər həftə olduğu kimi, bugünkü yarmarkada da alıcılar ət, süd məhsulları, yumurta, göyərti, kartof, soğan, kələm, yerkökü, çuğundur kimi kənd nemətlərini həvəslə alırdılar. Onlar yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-35 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.