Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir

19 aprel 2013 | 15:00

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev  nəinki Azərbaycanda, eləcə də xarici dövlətlər və beynəlxalq arenada böyük nüfuza sahib olan görkəmli dövlət xadimidir. Bununla əlaqədar dünyanın bir sıra ölkələrində bu dahi  şəxsiyyətin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Xüsusilə də Heydər Əliyevin fəaliyyəti və gördüyü işlər keçmiş SSRİ məkanında tanınılır və yüksək qiymətləndirilir. Bu tədbirlərin keçirilməsində Rusiya Federasiyasının Həştərxan vilayəti xüsusi miqyası və fəallığı ilə seçilir.
Belə ki, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi məqsədi ilə vilayətin Qubernatoru A.Jilkin tərəfindən xüsusi tədbirlər planı təsdiq edilmişdir.
Xüsusi tədbirlər planına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə vilayətin Administrasiyası, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsi ilə birgə aşağıda qeyd olunan tədbirlərin keçirilməsi planlaşdırılmışdır.
Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin şagirdləri arasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş rəsm, «Biz Heydər Əliyev irsini öyrənirik» mövzusunda inşa yazı və məktəbdə yerləşən “Rusiya-Azərbaycan dostluğu” muzeyinin ən yaxşı bələdçisi müsabiqələrinə start verilmişdir. Habelə məktəbdə  Ulu öndər Heydər Əliyevə həsr olunmuş xüsusi dərslərin, “Məktəbimizi daha təmiz edək” şüarı altında dostluq iməciliyinin keçirilməsi planlaşdırılır.
Eyni zamanda, Həştərxanın yerli telekanallarında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi, Heydər Əliyev parkında dostluq iməciliyin keçirilməsi və Heydər Əliyev adına açıq wifi zonasının yaradılması, “Yad övladlar olmur” şüarı altında Həştərxan şəhərinin uşaq evlərin birində xeyriyyəçi aksiyanın, şagirdlər arasında şahmat turnirinin keçirilməsi, həmçinin Həştərxan Dövlət Universitetində “Gənclər – bizim gələcəyimiz” adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdur.
15 may tarixində vilayətin rəhbərliyi, Azərbaycanın nümayəndə heyəti, diaspor üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev parkında ucaldılmış Ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyulması, yubiley tədbirinin keçirilməsi, yuxarıda qeyd olunmuş müxtəlif müsabiqələrin qaliblərinin Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılması planlaşdırılır. Təntənəli mərasim möhtəşəm konsert proqramı və atəşfəşanlıqla yekunlaşdırılacaqdır.
Onu da qeyd etmək istərdik ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi çərçivəsində artıq 15-16 aprel tarixlərində Həştərxan Dövlət Universitetində Azərbaycan dili və mədəniyyəti günləri keçirilmişdir.

Keçidlər