Nərimanov rayonunda “Akkord” ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirib
Nərimanov rayonunda yerləşən "EXCELSIOR" otelində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Korporasiya rəhbərliyinin və kollektiv üzvlərinin geniş tərkibdə təmsil olunduğu tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının nümayəndələri, millət vəkilləri iştirak etmişlər.
Tədbir "Akkord" korporasiyası tərəfindən yüksək zövqlə tərtib olunmuş, ümummili liderin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanışlıqla başlanmışdır. Qonaqlar maraqlı fotolardan ibarət stendlə yanaşı, Heydər Əliyevə həsr olunmuş müxtəlif kitablardan ibarət sərgi ilə də tanış olduqdan sonra tədbir iclas salonunda davam etdirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açmışdır. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra toplantı iştirakçıları Heydər Əliyevə həsr olunmuş "Ali sevgi" filminə tamaşa etmişlər.
Filmin nümayişindən sonra tədbirə qonaq qismində qatılan millət vəkili Jalə Əliyeva çıxış edərək ulu öndərin xalqımızın taleyində oynadığı müstəsna roldan, onun xüsusilə Azərbaycan dilinin dövlət dili kimi qorunub saxlanmasında əvəzsiz xidmətlərindən danışmışdır. Daha sonra çıxış edən millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi və inkişafı üçün ortaya qoyduğu fədakar əməyə diqqət çəkmişdir.
Tədbirdə "Akkord" Korporasiyasının Direktorlar Şurasının Sədri, Baş direktor Xaqani Quluzadə geniş nitqlə çıxış edib. Ulu öndərin müstəsna şəxsiyyətinin dünya xalqlarının tarixində əhəmiyyətli rol oynamış dahi ictimai-siyasi xadimlərlə eyni sırada dayandığını vurğulayan baş direktor əsası ümummilli lider tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasətin ölkəmizin dinamik inkişafındakı rolundan danışmışdır.
Baş direktor "Akkord" kollektivinin daim Heydər Əliyev irsinə və onun varisi olan dövlət başçısı İlham Əliyevin ölkəmizin rifahına yönəlmiş siyasətinə sadiq olduğunu söyləmiş, qarşıdan gələn prezident seçkilərində 5000 nəfərlik bir kollektivin həmişə olduğu kimi, məhz bu siyasətə dəstək verəcəyini bildirmişdir.
Tədbir zamanı "Akkord" korporasiyasının YAP-a yeni qəbul edilən üzvlərinə partiya biletləri təqdim edilmişdir.
Yubiley tədbirinin sonunda bütün iştirakçılar ulu öndərin xatirəsini yad etmək üçün Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzar-abidə kompleksi önünə əklil və tər gül dəstələri qoymuş, Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.