Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayonu Qadınlarının Konfransı keçirilmişdir

23 aprel 2013 | 15:00

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında keçirilən tədbirin iştirakçıları əvvəlcə təşkilatın binasındakı ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Ulu Öndərin xatirəsini yad etmişlər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev bildirmişdir ki, dövlət müstəqilliyimizin bərpasından sonra ötən illər ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də qadınlara fitri istedadlarını, yaradıcılıq imkanlarını tam həyata keçirmələri üçün bütün lazımi şəraiti təmin edir. Hazırda qadınlarımız cəmiyyətdə ötən illərə nisbətən daha fəal rol oynayırlar. Qadınların həm siyasi, həm ictimai, həm də mədəni həyatda getdikcə artan rolu müşahidə olunur.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd etmişdir ki, bu il iyunun 14-də Azərbaycan qadınlarının IV qurultayının keçirilməsi nəzərdə tutulmuşdur. Qurultaya nümayəndələr seçmək məqsədilə Azərbaycanın şəhər və rayonlarında qadınlar şuralarının konfransları keçirilir. Konfranslarda beş il müddətində görülmüş işlərə yekun vurularaq qarşıda duran vəzifələr müəyyənləşdirilir.
Nərimanov rayon Qadınlar Şurasının sədri Şəhla Mirbağırova, YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova və digər çıxış edənlər diqqətə çatdırmışlar ki, ümummilli lider Heydər Əliyev qadınlarımızın hüquqlarının qorunmasına, onların cəmiyyətdə rolunun artmasına, ölkənin sosial-iqtisadi tərəqqisinin təmin edilməsində fəal iştirakına daim diqqət və qayğı göstərmişdir. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda təşkilati məsələlərə baxılmış, Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.

Keçidlər