Nərimanov rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir
Yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoymuş, Ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə millət vəkilləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etmişdir ki, aprel ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda geniş nitq söyləyərək sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurdu və 2013-cü ildə qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdi.
İclasda qeyd edildi ki, 2013-cü ilin birinci rübü ölkə iqtisadiyyatı üçün çox uğurlu olmuşdur. Ümumi daxili məhsul 3,1 faiz artmış və ən sevindirici məsələ ondan ibarət olmuşdur ki, bu artım qeyri-neft sektorunun hesabına qazanılmışdır. Belə ki, qeyri-neft sektoru 11,4 faiz artmışdır. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunması deməkdir.
2013-cü ilin birinci rübündə inflyasiya cəmi 1,2 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 6 faiz artaraq inflyasiyanı xeyli üstələmişdir.
Sosial proqramlar da uğurla icra olunmuş, sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür. Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün tədbirlər uğurla icra olunur. Dövlət Proqramının əvvəlindən 1 milyon 300 min yeni iş yerləri açılmışdır ki, bunun da 30 mini birinci rübündə yaradılmışdır.
Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir.
A.Fərzəliyev qeyd etmişdir ki, 2013-cü ilin birinci rübünün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 477,5 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 118,4 faiz artım surəti əldə edilmişdir. 2013-cü ilin birinci rübü ərzində istehlakçılara 445,9 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 91,4 faiz təşkil etmişdir.
Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 9627 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 17,4 faiz artaraq 448,4 manata çatmışdır.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2013-cü ilin birinci rübündə 811 daimi iş yerləri yaradılmışdır.
Rüb ərzində bütün mənbələr hesabını əsas kapitala 14,7 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 50,7 % təşkil edir.
Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 184,6 milyon manat təşkil edərək əvvəlki dövrə nisbətən 16,5 faiz artım əldə edilmişdir. Bu sahədə işləyən işçilərin sayı 13002 nəfər olmuş və onların orta aylıq əmək haqqı 2,2 % artaraq 500,7 manat təşkil etmişdir.
Hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş, rayon sakinlərinə rüb ərzində min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır. Rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanan bu mühüm tədbirin gələcəkdə daha da inkişaf etdirilməsi üçün tərəfimizdən müvafiq işlər görülür.
Nərimanov rayonunun qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu rayona da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Fərəhləndirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ilin birinci rübü ərzində 2 dəfə Nərimanov rayonunda olmuş, 31 yanvar 2013-cü il tarixdə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyasının, 07.03.2013-cü il tarixdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun açılış mərasimlərində iştirak etmişdir.
Nərimanov rayonu tərəfindən xarici ölkələrlə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi sahəsində də xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası və Rusiya Federasiyası, xüsusilə Rusiyanın Həştərxan vilayəti arasında son illər ərzində iqtisadi-siyasi və mədəni sahələrdə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur və sözügedən əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunu təşəbbüsü ilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən son illər ərzində Həştərxan vilayətində bir sıra genişmiqyaslı layihələr həyata keçirilmiş və hal-hazırda digər sosial layihələrin icrası uğurla davam etdirilir.
Tədbirdə millət vəkili Rasim Musabəyov, Rayon Sosial–Müdafiə Mərkəzinin direktoru Ağa Həsənov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Natiq Babayev çıxış etmişdirlər.
Yekunda Abdin Fərzəliyev vurğulamışdır ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində rüb ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir.