Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

27 aprel 2013 | 15:00

Tədbirdən əvvəl uşaq bağçasının foyesində yerləşən Zərifə xanım Əliyevanın büstü önünə gül dəstələri qoyulmuşdur.
Tədbiri giriş sözü ilə Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva açmışdır.
Daha sonra tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Zərifə xanım Əliyevanın nəcib, qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlandığını qeyd etmişdir. Alimin oftalmologiya elmi sahəsində xidmətlərindən danışan natiq onun millətinə, Vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı ömrü yaşadığını, xeyirxah əməlləri ilə örnək olduğunu söyləmişlər. O, vurğulamışdır ki, Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi tədqiqatlar aparmışdır.
A.Fərzəliyev xüsusilə qeyd etmişdir ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator alim olmuşdur. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri paylaşırdı. Ulu öndərin əsl həmfikri, sadiq silahdaşı idi.
Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva bildirmişdir ki, bütün bunlarla yanaşı, akademik  Zərifə xanım  Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı kimi əbədiləşmişdir. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim olmuşdur.
Tədbirdə Zərifə xanım Əliyevanın zəngin həyatını təsvir edən video çarxlar nümayiş etdirilmişdir. Bağça uşaqlarının və əməkdaşlarının ifasında səslənən akademik Zərifə Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırmışdır. Balaca istedadların ifa etdiyi rəqslər tədbir iştirakçılarında xoş təəsüratlar bağışlamışdır.

Keçidlər