Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilmişdir

28 aprel 2013 | 15:00

27 aprel 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov təşkilatının qadınlar şurasının üzvləri Fəxri xiyabana gələrək akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə tər güllər qoymuşlar.
Ümummilli lider Heydər Əliyevin xatirəsi də anılmış, məzarı önünə gül dəstələri düzülmüşdür.
YAP Nərimanov rayon təşkilatında davam etmiş tədbirdə rayon rəhbərliyi, partiya fəalları və ictimaiyyətin nümayəndələri əvvəlcə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.
Vurğulanmışdır ki, Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın adını yüksək zirvələrə qaldıran unudulmaz şəxsiyyətlərdəndir. Görkəmli alim müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin həm vəfalı ömür-gün yoldaşı, həm də sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Görkəmli alim Zərifə xanım Əliyeva istedadlı insan və qayğıkeş ana idi.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yolundan, fəaliyyətindən, oftalmologiya elminin inkişafında, yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasındakı xidmətlərindən danışmışlar.
O, görkəmli oftalmoloq alimin xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini xüsusi vurğulamışdır.
Sonra akademik Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Sonda musiqili ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Keçidlər