Həştərxanda ucaldılacaq knyaz Vladimirin abidəsi önündə səyyar müşavirə keçirilmişdir.
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq münasibətləri inkişaf etməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan tərəfindən xüsusilə Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı sosial layihələr məhz bu münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.
Heydər Əliyev Fondunu təşəbbüsü ilə Azərbaycan tərəfindən Həştərxan şəhərində müqəddəs knyaz Vladimir abidəsinin ucaldılması və ətraf ərazidə parkın salınması belə dostluq münasibətlərinin möhkəmlənməsinin növbəti göstəricisidir.
Heykəlin ucaldılması məqsədilə 29 aprel 2013-cü il tarixdə Həştərxanda müqəddəs knyaz Vladimirin məbədi önündə Həştərxan şəhərinin meri Mixail Stolyarovun, Bakı şəhəri Nərimanov Rayon İcra hakimiyyəti başçısının müavini Rəşid Ağayevin, həmçinin şəhərin xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti səyyar müşavirə keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu abidə artıq Həştərxanda icrası həyata keçirilmiş Heydər Əliev adına 11 saylı orta məktəbin rekonstruksiyası və yeni korpusunun tikilməsi, Ulu Öndərin adını daşıyan parkın salınması və abidəsinin ucaldılması, Rusiya – Azərbaycan Dostluq körpüsünün salınması, “Meçta” uşaq şəhərciyinin inşası və digər layihələrlə birlikdə ikitərəfli münasibətlərin inkişafında özünəməxsus yer tutacaqdır.
Həyata keçirilən müşavirədə knyaz Vladimir parkının salınması və onun abidəsinin ucaldılması istiqamətində həyata keçirilən işlərin gedişatı ilə bağlı məsələlər müzakirə olunmuşdur.