Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Mayın 2-də Nərimanov raqyonunda yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və sosial siyasət” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransın məqsədi Ulu Öndərin sosial siyasət modelini təhlil etmək, əlil vətəndaşlara göstərilən diqqət və qayğının, onlara şamil olunan dövlət standartlarının və imkanlarının müasir Avropa standartlarına uyğunlaşdırılması haqqında ictimaiyyəti maarifləndirməkdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışmışdır.
S.Abdullayev bildirmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əlillərə göstərilən diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanmışdır ki, gözdən əlillərin sosial problemlərinin həllində Heydər Əliyev Fondunun böyük xidmətləri vardır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gözdən əlillərə göstərdiyi xüsusi diqqət əlil vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmaqdadır.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər çıxış edənlər də böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmışlar. Ulu Öndərin dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsində misilsiz fəaliyyətindən, əlillər göstərdiyi diqqət və qayğıdan geniş bəhs edilmişdir.
Diqqətə çatdırılmışdır ki, ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilmiş, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülmüşdür.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.