Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda ənənəvi Gül bayramı qeyd olunmuşdur.

10 may 2013 | 15:00

9 may 2013-ci il tarixdə N.Nərimanov metro stansiyasının qarşısında yerləşən parkda Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gül bayramı keçirilmişdir.
Bayramda rayonun rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqları iştirak etmişlər.
Gül bayramında Nərimanov rayonunda fəaliyyət göstərən 22 orta məktəbin şagirdlərinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə seçilmiş, uşaq təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirmiş və hər kəsdə xoş ovqat yaratmışdır. Ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin hazırladıqları əl işlərindən ibarət sərgi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin çəkdikləri rəsm əsərlər göz oxşayırdı.
  Bayram libasına bürünmüş parkda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar. Onlar bayram iştirakçılarının gözü qarşısında asfalt və kağız üzərində gözəl lövhələr yaratmışdılar. Parkın mərkəzindəki fəvvarə meydanında isə güllərdən düzəldilmiş müxtəlif heyvan fiqurları gül bayramına gələnləri heyrətləndirib. Bu lövhələr və Ümummilli liderimiz Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası Gül bayramına gələnləri dönə-dönə ayaq saxlamağa vadar edirdi.
  Bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş park güllərdən düzəldilmiş kompozisiyalar bu gözəl mənzərəyə tamaşa edənləri heyrətləndirirdi. Bayramda iştirak edən yaradıcı şəxslərin, məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də Ulu Öndərə olan tükənməz sevgisinin bariz nümunəsinə çevrilmişdi.
  Nərimanov rayonunda keçirilən ənənəvi Gül bayramı Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramın daha bir nümayişinə çevrilmişdir.
Axşam saatlarınadək davam edən tədbirdə sərgilənən və müsabiqədə iştirak edən sənət əsərləri Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası tərəfindən müxtəlif nominasiyalar üzrə dəyərləndirilmişdir.
  Tədbir incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər