Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 68-ci ildönümü Nərimanov rayonunda geniş qeyd edilmişdir.

09 may 2013 | 15:00

Mayın 9-da Nərimanov rayonunda yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksi önündə faşizm üzərində qələbənin 68-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə müharibə veteranları, Milli Məclisin deputatları, Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər MDB ölkələrinin ölkəmizdə akkreditə olunmuş səfirləri, hərbçilər, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
     Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir və Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
     Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin fəxri keçidi olmuşdur.
     Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1941-1945-ci illər Böyük Vətən Müharibəsində yüz minlərlə azərbaycanlının iştirak etdiyini və onlardan 300 mininin həlak olduğunu, 300 mindən çoxunun cəbhədə göstərdikləri igidliyə görə orden və medallarla təltif olunduğunu diqqətə çatdırmışdır. Müharibə illərində Azərbaycanın ön cəbhəni yanacaq, silah, ərzaq, geyimlə təmin etdiyini, neft və neft məhsullarının 70 faizinin Bakıda istehsal olunduğunu və Sovet ordusunun demək olar ki, bütün hərbi texnikasının Bakı nefti ilə işlədiyini vurğulamışdır.
      Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan A.Fərzəliyev “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını qeyd etmişdir. Bildirilmişdir ki, sahəsi 11 min 220 kvadratmetr olan ərazidə o illərdə Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman döyüşçü dəfn olunmuşdur. Dəfn olunanlar arasında müxtəlif xalqların nümayəndələri vardır.
     Müharibə veteranlarını Qələbənin 67-ci ildönümü münasibətilə təbrik edən A.Fərzəliyev Nərimanov rayonunda yaşayan 1941-1945-ci illər müharibəsinin veteranları ilə vaxtaşırı görüşlər keçirildiyini, onlara qayğı göstərildiyini demişdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində tədbirin əhəmiyyətini vurğulamışdır.
     Tədbirdə müharibə veteranları çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən səfir Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyini yüksək qiymətləndirildiyini xüsusi qeyd etmişdir. Səfir, Azərbaycanın müharibə illərində verdiyi töhfələri böyük qəhrəmanlıq adlandırmışdır.
     Digər çıxış edənlər qeyd etmişlər ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə olan diqqət və qayğı artmış və Qələbə Günü Azərbaycanda daha möhtəşəm qeyd olunmağa başlanmışdır. Natiq bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulamışdır.
    Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.

Keçidlər