Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçirilmişdir.

21 may 2013 | 15:00

Mayın 20-də Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər başlanmışdır.
  Tədbirlərə Həştərxanda 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev adına parkda start verilmişdir. Parkda Heydər Əliyevin abidəsi önünə əklillər və tər çiçəklər qoyulmuşdur. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, şəhər sakinləri iştirak etmişlər.
  Ümummilli lider Heydər Əliyevin təntənəli yubileyi münasibətilə parkda Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.
  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin parkda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri və yerli sakinlərlə görüşmüşlər.
  Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə parkda və onun ətrafında həyata keçirilmiş layihələrlə tanış olmuşlar. Keçən il burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya dostluq körpüsü və uşaq meydançası açılmışdır.
  Daha sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə knyaz Vladimirə abidə ucaldılacaq ərazidə aparılan hazırlıq işləri ilə tanış olmuşlar. Bildirilmişdir ki, abidənin ətrafında park salınacaqdır. Ərazinin abadlaşdırılması üzrə işlərin bu il sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır.
  Həştərxanda həyata keçiriləcək növbəti layihə Bakinskaya küçəsində uşaq bağçasının tikintisi olacaqdır. Həmin uşaq bağçasının tikintisi üçün Heydər Əliyev adına məktəbin qarşısında sahə ayrılmışdır.

Keçidlər