Bakıda 12 iyun - Rusiya Günü qeyd edilmişdir.
İyunun 11-də Bakıda Rusiyanın dövlət bayramı - Rusiya Gününə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
Tədbir Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayaraq bildirmişdir ki, 1990-cı il iyunun 12-də RSFSR Xalq Deputatları Qurultayı “RSFSR-in dövlət suverenliyi haqqında bəyannamə” qəbul etmişdir. Bu qərar Rusiyanın tarixi inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Rusiya tarixdə ilk dəfə siyasi plüralizm, demokratiya, bazar iqtisadiyyatı, insan hüquqlarına hörmət yoluna qədəm qoymuşdur. Rusiyanın beynəlxalq hüququn aliliyinə və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan dünya nizamının tərəfdaşı kimi çıxış etdiyini diqqətə çatdıran V.Doroxin demişdir: “Biz planetimizdə insanların həyatının daha rahat və sabit olması üçün dünya problemlərinin həllinə bundan sonra da öz töhfəmizi verəcəyik”.
Bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirildiyini bildirən səfir Azərbaycan-Rusiya münasibətlərinin qurulmasında ulu öndərin əvəzsiz xidmətlərinin olduğunu xüsusi qeyd etmişdir.
Vladimir Doroxin demişdir ki, Rusiya Azərbaycan ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün qüvvəsini əsirgəmədən çalışacaqdır, çünki qonşusunu güclü, sabit və tərəqqi edən ölkə kimi görmək istəyir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev öz çıxışında bildirmişdir ki, Rusiya ilə Azərbaycan tarixən, uzun illər boyu bir-birinə bağlı olmuşlar. Ölkələrimiz arasında münasibətlər həmişə qarşılıqlı anlaşma və dostluq zəminində qurulmuşdur. Son illər Azərbaycan və Rusiya inkişaf və tərəqqi yolunda çox işlər görmüşlər.
Əbülfəz Qarayev qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya arasında bu dostluq münasibətlərinin əsası ümummilli lider Heydər Əliyevin Rusiyaya ilk səfəri zamanı qoyulmuşdur. O zaman dostluq və əməkdaşlıq haqqında bir çox sənədlər imzalanmışdı. Birgə mədəni tədbirlərin, çoxsaylı forumların və konfransların keçirilməsi bunun nəticəsidir. Hazırda Rusiyanın ali məktəblərində, habelə Azərbaycanda – Moskva Dövlət Universitetinin filialında xeyli azərbaycanlı tələbə təhsil alır.
Sonra səfir Vladimir Doroxin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə Rusiyanın “Dostluq ordeni”ni (“Orden Drujbı”) təqdim etmişdir. A.Fərzəliyev bu yüksək mükafata RF ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə və inkişafına verdiyi böyük töhfəyə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə layiq görülmüşdür.
Abdin Fərzəliyev Rusiya Prezidentinə və səfir Vladimir Doroxinə təşəkkürünü bildirmişdir.
O qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Həştərxan vilayətində bir sıra müştərək layihələr həyata keçirilir. Bu layihələr regionun sosial sahəsinə sanballı investisiyalar cəlb etmişdi. Keçən il Həştərxan vilayətində Rusiya-Azərbaycan dostluq körpüsü, Heydər Əliyev adına parkda uşaqlar üçün oyun meydançası açılmışdır. Bundan əlavə, Həştərxanda mələksima müqəddəs knyaz Vladimirə abidə qoyulması planlaşdırılır, sosialyönümlü bir sıra başqa müştərək layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, o cümlədən Həştərxanda sanatoriya və uşaq bağçaları tikintisi, səhiyyə müəssisələrinin təmiri barədə danışıqlar aparılır.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.