Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissədə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
14 iyun 2013-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon idarə və qurumların rəhbərliyi, rayon ictimaiyyəti və bir sıra fəal gənclər Milli Qurtuluş Günü münasibətilə Daxili Qoşunların Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində olmuş və şəxsi heyətlə görüşmüşlər.
Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının himni oxunmuşdur.
İlk öncə çıxış edən Hərbi hissə komandiri polkovnik Zəfər Əliyev azadlığın müqəddəs nemət olduğunu vurğulayaraq, bu amal uğrunda şəhid olanların heç vaxt unudulmayacağını qeyd etmişdir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox əziz bir tarixdir. Bu tarixi yaradan məhz daim xalqa arxalanan Ulu öndər Heydər Əliyev olmuşdur. Yaranmış çətin siyasi mühitdə xalq çıxış yolunu yalnız Ümummilli Liderdə görürdü və O, daim xalqın ümidini doğruldurdu. Ulu öndərin silahlı qüvvələrə daim xüsusi diqqət və qayğı göstərməsi polkovnik Z.Əliyev tərəfindən xüsusilə vurğulanmışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etmişdir ki, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış oldu. Ulu öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Çünki məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti yaradılmışdır. O, Prezident cənab İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan söz açmış və Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışmışdır. Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Abdin Fərzəliyev onun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla bildirmişdir.
Daha sonra isə polkovnik-leytenant Nəsib İbadov şəxsi heyətə Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı general-leytenant Zakir Həsənovun təbrikini çatdırmışdır.
Sonra hərbi hissənin əsgərləri təntənəli marşın sədaları altında tribunanın önündən keçmişlər və xüsusi təyinatlı dəstənin əsgərləri hərbi çıxışlar nümayiş etmişlər.
Tədbir hərbi hissənin klubunda Azərbaycanın tanınmış musiqi ifaçılarının iştirakı ilə keçirilmiş möhtəşəm konsert proqramı ilə yekunlaşmışdır. Eyni zamanda, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlər Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.