23 iyun 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə icra hakimiyyətinin iclas zalında “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə peşəkar hərbi mütəxəssislərin, Vətən müharibəsi veteranlarının və qazilərin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da əvəzsiz rolu olduğunu, Azərbaycanın hazırki qüdrətli və müzəffər ordusunun təməllərinin Ulu Öndər tərəfindən atıldığını bildirmişdir. O həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan böyük qələbədən söz açaraq, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində ordumuzun qazandığı böyük zəfərin ölkəmizin tarixində nə qədər böyük tarixi hadisə olduğunu vurğulayıb.
Digər natiqlərin çıxışlarında qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan ordusu böyük inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".