23 yaşı tamam olan Vətən Müharibəsi şəhidi Sinan Məmmədovun əziz xatirəsi yad edilib.
Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də şəhid Sinan Məhəmməd oğlu Məmmədovdur. Sinan Məmmədov 29 sentyabr 2020-ci ildə Tərtər – Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra Vətən uğrunda", “Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Şəhidimizin bu il sentyabrın 10-da 23 yaşı tamam olacaqdı. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, İcra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri 23 yaşı tamam olan şəhidimiz Sinan Məmmədovun məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Sinan Məmmədovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.
Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.