Dövlət Sərhəd Xidmətinin Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mayın 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə DSX-nin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik etmişdir.
E.Quliyev Şərqin və türk dünyasının ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri iftixar hissi ilə xatırlatmışdır. AXC-nin yaratdığı təməl üzərində müstəqilliyini bərpa edib möhkəmləndirən Azərbaycan Respublikası ötən 20 il ərzində sürətli tərəqqi yolu keçmiş, ictimai-siyasi sabitliyi və dinamik inkişafı ilə dünya dövlətləri arasında fərqlənən, 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən, iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edən qüdrətli dövlətə çevrilmişdir.
AXC-nin dövlət sərhədlərinin mühafizəsi istiqamətindəki fəaliyyəti xüsusi qeyd olunmuş, bolşevik işğalı nəticəsində yarımçıq qalmış işlərin müstəqillik illərində uğurla davam etdirilməsi, ulu öndər Heydər Əliyev tərəfindən milli sərhəd mühafizəsi strategiyasının müəyyənləşdirildiyi vurğulanmışdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirilməsi sayəsində mühüm xidməti nailiyyətlər əldə olunmuş, sərhəd mühafizəsi müasir silah və texnika ilə təchiz edilmiş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə olunmuşdur.
E.Quliyev xüsusi vurğulamışdır ki, dövlət sərhədində və hərbi hissələrdə həyata keçirilmiş böyük miqyaslı tikinti-quruculuq işləri sayəsində müasir sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin daha etibarlı mühafizəsi təmin olunmuşdur. Təqdirəlayiqdir ki, bu illər ərzində Horadiz, Göytəpə, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizon kompleksləri, sahil mühafizəsinin yeni bazası, akademiya, "Sərhədçi" idman-olimpiya və istirahət mərkəzləri, hərbi anbarlar, aviasiya dəstəsi, Cəlilabad rayonunda vahid tədris mərkəzi, atçılıq mərkəzi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzi, yüzlərlə sərhəd məntəqəsi və digər xidməti obyektlər istifadəyə verilmişdir. Təkcə 2011-ci ildə hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzil inşa edilmişdir və bu il bu say daha da artacaqdır.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Bakı şəhərində tam təmir olunmuş yeni xidməti mənzillərin orderləri təqdim edilmişdir.
Tədbir bayram süfrəsi arxasında davam etdirilmiş, incəsənət ustalarının konserti ilə başa çatmışdır.