Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun sədrliyi ilə YAP Nərimanov rayon təşkilatı ərazi ilk təşkilatlarının sədrləri ilə görüş keçirilmişdir.
İyunun 25-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun sədrliyi ilə YAP Nərimanov rayon təşkilatı ərazi ilk təşkilatlarının sədrləri ilə görüş keçirilmişdir.
Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin təşkilatın foyesindəki büstü önünə güllər düzmüş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
Görüşdə çıxış edən Əli Əhmədov bildirmişdir ki, tədbirin məqsədi bu il keçiriləcək prezident seçkilərində Azərbaycan dövlətinin başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək, seçki kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsinə töhfə verməkdir. Aparılan müşahidələr Azərbaycan seçicilərinin böyük əksəriyyətinin Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini göstərir. Bunun böyük əsasları vardır. Çünki son 10 ildə dövlətimizin başçısı İlham Əliyevin səyləri nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etmiş, beynəlxalq aləmdə ölkəmizin mövqeləri güclənmişdir. Eyni zamanda, Azərbaycan əhalisinin rifahı yüksəlmişdir.
“Bu dəyişiklər hər birimizin gözü önündə baş vermişdir”, - deyən Ə.Əhmədov vurğulamışdır ki, hazırda Azərbaycan vətəndaşları müasir həyat standartlarına uyğun yaşayırlar. Vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi yaxşı yaşamaq haqqında düşünürlər. Bu, o deməkdir ki, insanların həyatında müsbət dəyişikliklər baş verir. Bugünkü hökumət insanların yaxşı yaşamaları üçün hər cür şərait yaratmışdır. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur.
Bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Ə.Əhmədov demişdir ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. İnsanlar inanırlar ki, növbəti beş ildə də Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcəkdir. Vətəndaşlarımız ümidlərinin reallaşması üçün Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər.
Digər çıxış edənlər də ölkəmizin gələcək tərəqqisi, xalqımızın rifahı naminə Azərbaycan vətəndaşlarının haqlı olaraq bu il keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəkləməsini yüksək qiymətləndirmişlər.