Nərimanov rayonunda Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilmişdir
03 iyul 2013 | 15:00
2 iyul 2012-ci il tarixində Azərbaycan Polisi günü münasibətilə Nərimanov Rayon Polis İdarəsində tədbir keçirilmişdir.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Rayon Polis İdarəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirin əvvəlində Daxili İşlər naziri Ramil Usubovun Azərbaycan Polisi günü münasibətilə təbriki tədbirdə iştirak edən polis əməkdaşlarına çatdırılmışdır.
Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirdi.
Daha sonra tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirmiş və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırmışdır. Həmçinin ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışmış və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulamışdır.
Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin “Fəxri fərmanı” və qiymətli hədiyyələr təqdim edilmişdir.