Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yeni qrant layihəsinin Nərimanov rayonunda təqdimatı keçirilmişdir.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Müstəqil Azərbaycanın gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz üçün çox böyük önəm daşıyan bu siyasətin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2011-ci il dekabrın 19-da “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” 542 nömrəli Fərman imzalamışdır. Gənclər Fondunun yaradılmasından ötən qısa dövr ərzində bu qurum tərəfindən gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin dəstəklənməsi məqsədilə bir çox tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 27 iyun 2013-cü il tarixində növbəti qrant müsabiqəsini elan etmişdir. Bununla əlaqədar olaraq Respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçirilir.
17 iyul 2013-cü il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Fondunun növbəti təqdimatı keçirilmişdir. Təqdimat Fondun əməkdaşı Vüsalə Niftəliyeva tərəfindən həyata keçirilmiş, Fondun məqsəd və vəzifələri, elan etdiyi qrant müsabiqələri və müsabiqələrdə iştirak etmək qaydaları barədə məlumatlar verilmişdir. Rayon gənclərinin böyük marağına səbəb olan təqdimat gənclərin suallarının cavablandırılması ilə davam etmişdir. Sonda 50 nəfərdən çox gənc Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “Sorğu” anketlərinin cavablandırılmasında iştirak etmişdir.