Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda cari ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

27 iyul 2013 | 15:00

26 iyul 2013-cü il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində rayonun 2013-ci ilin birinci yarısı üzrə sosial-iqtisadi  inkişafının yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoymuş, Ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə millət vəkilləri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etmişdir ki, iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda geniş nitq söyləyərək sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurdu və 2013-cü ildə qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdi.
Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin  aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir.
  A.Fərzəliyev qeyd etmişdir ki, 2013-cü ilin birinci yarısının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 979,7 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 109,4 faiz artım surəti əldə edilmişdir. 2013-cü ilin birinci yarısı ərzində istehlakçılara 950,9 milyon manatlıq və ya bütün sənaye məhsulunun 97 faizi qədər sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 88,2 faiz təşkil etmişdir.
        Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 9894 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 13,9 faiz artaraq 450,1 manata çatmışdır.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2013-cü ilin birinci yarısında 1408 daimi iş yerləri yaradılmışdır.
6 ay ərzində bütün mənbələr hesabını əsas kapitala 108,2 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 145,2 % təşkil edir.
          Hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş, rayon sakinlərinə 6 ay ərzində 2 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır. Rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanan bu mühüm tədbirin gələcəkdə daha da inkişaf etdirilməsi üçün tərəfimizdən müvafiq işlər görülür.
         Nərimanov rayonunun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin əsas səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu rayona da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Fərəhləndirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ilin birinci yarısında 3 dəfə Nərimanov rayonunda olmuşdur. 31 yanvar 2013-cü il tarixdə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayonundakı  110/35/6 kilovoltluq yarımstansiyasının, 07.03.2013-cü il tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun açılış mərasimində iştirak etmiş və 20.05.2013-cü il tarixdə Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur.
Azərbaycan Respublikası və Rusiya Federasiyası, xüsusilə Rusiyanın Həştərxan vilayəti arasında son illər ərzində iqtisadi-siyasi və mədəni sahələrdə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur və sözügedən əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. Nərimanov rayonu tərəfindən xarici ölkələrlə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi sahəsində də xeyli işlər görülmüşdür. 2010-cu ildən başlayaraq bu günə qədər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığı ilə, Həştərxan şəhərində sosial sahəyə xeyli investisiya cəlb edilməklə bir sıra müştərək layihələr həyata keçirilmişdir.
Dünyanın bir sıra ölkələrində olduğu kimi, Rusiya Federasiyasının Həştərxan vilayətində də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Vilayətin Qubernatoru A.Jilkin tərəfindən təsdiq edilmiş xüsusi tədbirlər planına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə vilayətin Administrasiyası, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsi ilə birgə bir sıra müxtəlif tədbirlər keçirilmişdir.
Belə ki, Ümummilli lider Heydər Əliyev adına parkda təntənəli bayram tədbiri keçirilmişdir. Tədbirdə hər iki ölkənin dövlət və hökumət rəsmiləri, Azərbaycan diasporunun nümayəndələri və şəhər sakinləri iştirak etmişlər.
Yubiley tədbirləri çərçivəsində Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə “Heydər Əliyev irsi” mövzusunda yaradıcı işlər müsabiqəsinin qaliblərinə mükafatların təqdim edilməsi mərasimi olmuşdur.  Tədbirdə məktəbin 10 şagirdinə və 5 müəlliminə Heydər Əliyev Fondunun mükafatları təqdim edilmişdir.
Mayın 20-də Həştərxan Dövlət Filarmoniyasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli yekun mərasimi keçirilmişdir. Təntənəli mərasimdə Həştərxan vilayətinin qubernatoru A.Jilkin və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənov Azərbaycan-Rusiya münasibətlərinin nizamlanmasında Heydər Əliyevin rolu barədə çıxış edərək vurğulamışlar ki, Heydər Əliyevin təkcə Azərbaycan xalqının deyil, bütövlükdə keçmiş Sovet İttifaqı xalqlarının həyatında misilsiz xidmətləri olmuşdur. Sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin “Gənclər təbiətə münasibətdə zorakılığın əleyhinədir” layihəsi çərçivəsində Həştərxanda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılmış, tədbir Azərbaycanın və Həştərxan vilayətinin yaradıcı kollektivlərinin iştirak etdiyi konsert proqramı ilə davam etmişdir.
Yarım il ərzində gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, “Gənclik” metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilmişdir.
Şəhərimizin ümumi görkəminə xələl gətirən H.Əliyev prospekti, Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov, Akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilirmişdir. Qeyd olunan binalarda yaşayan sakinlər üçün  hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir.
K.Rəhimov küçəsində sökülmüş 7 ədəd yaşayış binasının yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək ən müasir parkın salınması davam etdirilir, artıq parkın birinci hissəsində işlər başa çatdırılmışdır. Öz füsünkar gözəlliyi ilə seçilən, avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə salınmış parkın rəsmi açılışı qeyd edildikdən sonra sakinlərin istifadəsinə veriləcəkdir.
Daha sonra İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təhsil, səhiyyə, kommunal təsərrüfat və digər sahələrdə görülən işlər barədə geniş məlumat vermişdir. Natiq həmçinin vurğulamışdır ki, 2013-cü ilin 6 ayı ərzində 65 nəfər  RİH başçısının  qəbulunda olmuş, İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri  tərəfindən müəyyən olunmuş qrafik əsasında qəbullar həyata keçirilmiş, şəhid ailələri, müharibə iştirakçıları, əlillər və imtiyazlı şəxslər növbədənkənar qəbul edilmişlər. Rayon İcra Hakimiyyətinə daxil olan sənədlərin qeydiyyatı kompüter vasitəsilə aparılır. Bu da vətəndaşlara operativ şəkildə izahatların verilməsi və sənədlərin icrasına vaxtında nəzarət üçün çox əlverişlidir. Həmçinin RİH başçısı Aparatının internet səhifəsinə vətəndaşlar tərəfindən müraciətlərin sayı artmışdır.
Tədbirdə millət vəkili Rasim Musabəyov, 258 nömrəli tam orta məktəbin direktoru Sədaqət Hüseynova, 7 saylı Uşaq poliklinikasının baş həkimi Aygün Əliyeva çıxış etmişdirlər.
Hesabat iclasının yekununda A.Fərzəliyev bildirmişdir ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində 6 ay ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir və 2013-cü il üçün nəzərdə tutulmuş bütün tədbirlər, tapşırıq və göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir.

Keçidlər