Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin şagird və müəllim kollektivi Azərbaycanda səfərdə olmuşdur.

25 avqust 2013 | 15:00

Rusiya Federasiyasının Həştərxan şəhərinin Ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin şagird və müəllim kollektivi Azərbaycanda səfərdə olmuşdur.
Məktəbin kollektivi əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdirlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunduqdan sonra SSRİ-nin və Azərbaycanın Xalq artisti, dünya şöhrətli ifaçı Müslüm Maqomayevin də məzarı ziyarət edilmişdir.
Məktəbin kollektivi Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsini yad etmişlər.
Daha sonra qonaqlar Dövlət Bayrağı Meydanında olublar. Onlara bu meydan haqqında geniş məlumat verilmişdir.
Həştərxanlı məktəblilər “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystall Hall” haqqında da ətraflı məlumatlandırılmışlar.
Qonaqlar Heydər Əliyev Mərkəzi ilə də tanış olmuşdurlar. Onlar əvvəlcə Ulu öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Məlumat verilmişdir ki, muzeydə sərgilənən eksponatlar Azərbaycan tarixinin və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir.
Qonaqlar daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gəliblər. Gəzinti zamanı burada aparılan abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Qonaqlar İçərişəhərdə “Kiçik Karvansara” abidəsinin təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - “İncəsənət bağı”nda da olmuşlar.
Məktəbin kollektivi Qala kəndinə də səfər edib. Burada Qala Abidə Kompleksi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Antik Əşyalar Muzeyi və digər tarixi abidələrlə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır.
Qonaqlara məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, respublikamızın turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.
Həştərxandakı Ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbinin kollektivi İsmayıllı rayonunda da ikigünlük səfərdə olmuşdur. Bölgənin tarixi, mədəniyyəti, etnoqrafiyası, füsunkar təbiəti ilə daha yaxından tanışlıq qonaqların yaddaşında dərin iz buraxıb.
Rusiya Federasiyasının Həştərxan şəhərinin Ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəb ilə Bakının Nərimanov rayonunun bir sıra məktəbləri arasında sıx əlaqələr var. Gələcəkdə də məktəblərin əməkdaşlığı və tədris ocaqlarının müəllim və şagird kollektivinin qarşılıqlı səfərləri nəzərdə tutulub.

Keçidlər