Nərimanov rayonu təhsil müəssisələrinin 2012/2013-cü tədris ilində qazandığı uğurlar və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətin görüşü keçirilmişdir.
13 sentyabr 2013-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Nərimanov rayonu təhsil müəssisələrinin 2012/2013-cü tədris ilində qazandığı uğurlar müzakirə edilmiş və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətin görüşü keçirilmişdir.
Tədbirdə təhsil müəssisələrinin müəllim və şagirdləri, valideynlər, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, millət vəkilləri, ictimaiyyətin nümayəndələri və gənclər də iştirak etmişdirlər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin İcra Hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyulmuş və xatirəsi ehtiramla yad edilmişdir.
Sonra rayon rəhbərliyi və Rayon İcra Hakimiyyəti başçısı yanında şura üzvləri Rayon İcra Hakimiyyətində yenicə fəaliyyətə başlayan “Qaynar Xətt” xidməti ilə tanış olmuşlar. Qeyd olunmuşdur ki, “Qaynar Xətt”in fəaliyyətinin təşkili zamanı yeni optik xəttlər çəkilmiş və müasir avadanlıqlar quraşdırılmışdır. Xidmətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Xidmətin yaradılmasında məqsəd vətəndaşların dövlət qurumlarına çıxışlarına asanlaşdırılması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, minimum zaman kəsimində vətəndaşların problem və şikayətlərinin daha çevik və operativ şəkildə həll olunması, vətəndaşların arzu, istək və təkliflərinin, habelə şikayətlərinin daha çevik və operativ şəkildə həll olunmasıdır.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını Bilik günü, yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir. İcra başçısı qeyd etmişdir ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil dövlət başçısının daim himayəsi altındadır. Dövlət başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülmüşdür.
A.Fərzəliyev qeyd etmişdir ki, son illər təhsil sahəsində həyata keçirilən layihə və proqramlar xüsusi uğurları ilə seçilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ayrı-ayrı bölgələrdə təhsil infrastrukturunun yeniləşməsinə ciddi zəmin yaratmış, orta ümumtəhsil məktəblərinin bərpası və yenidənqurulması, habelə yeni məktəblərin tikintisi prosesi geniş vüsət almışdır. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində demək olar ki, rayonun bütün təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir.
Natiq vurğulamışdır ki, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görülüb. Dövlət başçısı möhtərəm cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri müntəzəm diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə islahatların aparılması təhsilimizin uğurlu gələcəyinə inamı artırır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompüter sinifləri yaradılmışdır. Vacib məqamlardan biri də təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə diqqətin artırılmasıdır. Bu məsələdə hər il kecirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələri daha çox əhəmiyyətlidir. Hər il olduğu kimi, Nərimanov rayonundan bu il müsabiqədə iştirak edən 1 məktəb (39 №-li tam orta мəktəb) və 5 müəllim Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mükafatlandırılmışdır.
Qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. 2012-2013-ci tədris ilində məktəbi bitirmiş 1722 məzundan 1487 nəfəri ali məktəblərə sənədlərini verib, bunlardan 993 nəfəri, yəni 66,7 %-i müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
Daha sonra söz millət vəkili Adil Əliyevə, “Ən yaxşı müəllim”i adına layiq görülmüş Kifayət Əliyevaya, “Ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülmüş 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Əzimovaya, 258 nömrəli tam orta məktəbin məzunu, 700 bal toplayıb Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş Məhəmməd İsmayılova, 43 nömrəli məktəb-lisey kompleksinin direktor müavini Nizami Məmmədova verilmişdir.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti adından yüksək adlara layiq görülmüş müəllimlərə, təhsilin və tədrisin yüksək səviyyəsinə görə fərqlənmiş təhsil müəssisələrinin rəhbərlərinə, habelə təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara qiymətli hədiyyələr təqdim edilmişdir.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı qabaqcıl müəllimlər və qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş tələbələrlə xatirə şəkli çəkdirmişlər.