Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Müəllimlər İnstitutunda Bilik günü qeyd olunmuşdur.

17 sentyabr 2013 | 15:00

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Bilik gününə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin büstü önünə əklil qoymuşlar.
  AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı rəhbərlik etdiyi ali təhsil ocağında keyfiyyətli təhsil üçün yaradılmış şəraitdən, institut və onun filiallarına tələbə qəbulunun nəticələrindən danışmışdır. İnstituta yüksək balla daxil olan tələbələrin sayının ildən-ilə artdığını diqqətə çatdıran rektor AMİ-nin kollektivini yeni dərs ili münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.
  A.Naxçıvanlı vurğulamışdır ki, bu gün ölkəmizdə vətənpərvər, savadlı gənclərin yetişdirilməsində, cəmiyyətimiz üçün layiqli vətəndaşların hazırlanmasında müəllimlərin üzərinə böyük vəzifələr düşür. Böyük həvəslə, yüksək bacarıqla dərs aparan müəllimlərimizin sayının daha çox olmasını arzulayırıq. Təhsili millətin gələcəyi adlandıran ümummilli lider Heydər Əliyev həmişə təhsili, müəllim əməyini yüksək qiymətləndirmişdir. Ulu Öndər Azərbaycanın gələcəyini gənclərdə görür, onların inkişafı üçün əlindən gələni edirdi. Hazırda Prezident İlham Əliyev dahi rəhbər tərəfindən əsası qoyulan elm, təhsil ənənələrini uğurla davam etdirir.
Bildirilmişdir ki, hazırda ölkəmizdə dünyanın mütərəqqi təhsil sistemlərinə uyğun islahatlar həyata keçirilir. Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılır, təhsilə, müəllim və tələbələrə dövlət qayğısı daim artır. Dövlətimizin başçısının qayğısı nəticəsində Azərbaycan Müəllimlər İnstitutu və onun filialları çiçəklənmə dövrünü yaşayır.
  Respublikanın 11 bölgəsində institutun filiallarının yerləşdiyini diqqətə çatdıran A.Naxçıvanlı demişdir ki, AMİ ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsi, onun elmi-metodiki səviyyəsinin artırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində önəmli yer tutur. Müəllimlərin işə qəbulu müsabiqəsində AMİ-nin məzunlarının fərqlənməsi institutda kadr hazırlığının düzgün aparılmasının göstəricisidir.
  Rektor birinci kurs tələbələrini təbrik etmiş, onların biliklərə yüksək səviyyədə yiyələnəcəklərinə, dövlətçiliyimizə sadiq layiqli vətəndaşlar kimi formalaşacaqlarına ümidvar olduğunu bildirmiş, gənclərə təhsildə uğurlar, institutun ictimai həyatında fəallıq arzulamışdır.
  Tədbirdə çıxış edən valideynlər və tələbələr institutda keyfiyyətli təhsil üçün yaradılmış şəraitə görə AMİ-nin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
  Sonda instituta yüksək balla qəbul olunmuş bir qrup gəncə tələbə biletləri təqdim edilmişdir.

Keçidlər