Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Turizm İnstitutunda Bilik Gününə həsr edilmiş tədbir.

17 sentyabr 2013 | 15:00

Azərbaycan Turizm İnstitutunda (ATİ) Bilik Günü və 2013-2014-cü tədris ilinin başlanmasına həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə təhsilin, turizmin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlardan danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin turizm sektorunun inkişafına xüsusi diqqət göstərdiyini nəzərinə çatdıran Əbülfəs Qarayev qeyd etmişdir ki, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbulu, bu sahədə kiçik və orta sahibkarlığın təşviqi, müasir turizm infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində bir çox mühüm tədbirlər həyata keçirilmişdir.
Nazir diqqətə çatdırmışdır ki, ölkəmizdə turizmin yüksək səviyyədə təşkilinə artıq ATİ də özünün peşəkar kadrları ilə töhfəsini verməkdədir. Bu il ATİ-yə qəbul olunan tələbələrin əksəriyyəti 600 baldan yuxarı nəticə göstərmişdir. Bu, olduqca sevindirici haldır.
Ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışan nazir bildirmişdir ki, hər il yeni tədris ocaqları tikilir, məktəb binaları bərpa edilib istifadəyə verilir. Eyni zamanda, hər il azərbaycanlı gənclər müxtəlif xarici ölkələrin ali məktəblərində dövlət hesabına təhsil alırlar.
Tədbirdə ATİ-nin rektoru Cəfər Cəfərov institutun uğurlu fəaliyyətindən danışaraq bildirmişdir ki, Azərbaycanda daxili turizmin inkişafını dəstəkləmək məqsədi ilə yaradılmış Azərbaycan Turizm İnstitutuna maraq ilbəil artır.
Rektor qazanılan uğurları dövlətin təhsilə göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirmiş və demişdir ki, əsas məqsəd Azərbaycanda daxili turizmi inkişaf etdirmək və ixtisaslı kadrlar hazırlamaqdır.
Diqqətə çatdırılmışdır ki, institutun məzunları ilk dəfə olaraq bakalavr pilləsində ATİ-nin diplomu ilə yanaşı, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu da əldə etmişlər. 2013-2014-cü tədris ilində ikili diplom alanlar sırasında magistr pilləsini bitirən məzunlarımız da olacaqdır.
Bildirilmişdir ki, bu tədris ilində ATİ-yə 11 ixtisas üzrə 375 tələbə qəbul olunmuşdur. Qəbul olunanların 46 faizinin keçid balı 400-dən yuxarıdır. ATİ-nin tələbəsi adını qazanan 4 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Mərasimdə cari ildən ATİ-də turizm və otelçilik ixtisası üzrə ingilis dilində təhsil alacaq xüsusi qrupun təşkil olunduğu xüsusi vurğulanmışdır.
Sonda nazir Əbülfəs Qarayev bu il ATİ-yə ən yüksək balla daxil olmuş gənclərə tələbə biletlərini təqdim etmişdir.

Keçidlər