Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılmışdır

04 iyun 2012 | 15:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, yaranmış borcların dəqiq uçotunun aparılması məqsədi ilə kompleks tədbirləri davam etdirir. Bu məqsədlə qabaqcıl xarici təcrübə öyrənilir, yeni texnologiyalar tətbiq edilir.
Şirkətdən bildirmişlər ki, iyun ayından Bakının Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanmışdır. Türkiyənin İstanbul Su kanal İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən layihəyə əsasən sayğacların oxunması, bildirişlərin, hesab-fakturaların verilməsi, ödənişlərə nəzarət yeni üsullarla aparılacaqdır. Bu məqsədlə pilot layihənin həyata keçirildiyi rayon kvartallara bölünəcək və nəzarət tədbirlərini həyata keçirmək üçün qruplar yaradılacaqdır. Sayğacların yoxlanılması, bildiriş və hesab-fakturaların çatdırılması yalnız bir nəzarətçi tərəfindən deyil, həmin qruplar tərəfindən həyata keçiriləcəkdir. Bu isə nəzarət tədbirlərinin gücləndirilməsinə və bu sahədə şəffaflığın artırılmasına səbəb olacaqdır.
Pilot layihənin icrası ilə əlaqədar “Azərsu” ASC-nin Kommersiya departamentinin əməkdaşları İstanbul Su kanal İdarəsinin mütəxəssisləri ilə birgə pilot layihənin həyata keçirildiyi rayonda maarifləndirmə işləri aparırlar. “Bakı Su kanal” İdarəsinin Nərimanov Su kanal departamentinin əməkdaşları yeni sistemin üstünlükləri barədə ətraflı məlumatlandırılmış və pilot layihənin neqativ hallarının aradan qaldırılması, eləcə də ödəniş səviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirildiyi diqqətə çatdırılmışdır. Pilot layihə uğurla icra olunarsa, yeni sistem gələcəkdə digər rayonlarda da tətbiq ediləcəkdir.
 

Keçidlər