Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblı Bakıda çıxış etmişdir.

21 sentyabr 2013 | 15:00

Sentyabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Həştərxan Dövlət Mahnı və Rəqs ansamblının konserti olmuşdur.
Konsert Bakı və Həştərxan arasında mədəni mübadilə çərçivəsində təşkil edilmişdir.
  Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları səmimi salamlayaraq bildirmişdir ki, son illər Bakı ilə Həştərxan arasında sıx əlaqələr yaranmışdır. Heydər Əliyev adına 11 nömrəli Həştərxan orta ümumtəhsil məktəbinin şagirdləri yayda Bakıda olmuşlar. İki həftə sonra Bakı nümayəndələri paytaxtımızın hədiyyəsini - Knyaz Vladimirin abidəsini Həştərxana aparacaqlar.
  Həştərxan Vilayəti Hökuməti sədrinin müavini Qalina Zadeyeva səmimi qəbula görə təşəkkürünü bildirərək demişdir ki, xalqlarımız ruhən bir-birinə yaxındır, bizi mədəniyyətə ehtiram birləşdirir. Q.Zadeyeva Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq barədə qısa məlumat verərək qeyd etmişdir ki, Həştərxanda Heydər Əliyevin abidəsi və Ümummilli Liderin adını daşıyan park açılmışdır.
  Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblı Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin təşəbbüsü ilə 2008-ci ildə bənzərsiz və peşəkar yaradıcılıq kollektivi kimi təsis edilmişdir. Ansamblın vəzifəsi Həştərxan vilayəti ərazisində yaşayan xalqların mahnı, rəqs və musiqi ənənələrini dirçəltmək, toplanmış mədəni potensialı qoruyub saxlamaq, ən başlıcası isə regionun vizit kartına çevrilib onun hüquqlarından kənarda vilayətin mədəni simasını formalaşdırmaqdır.
  Yarandığı gündən Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Aleksandr Lavrinenkonun rəhbərlik etdiyi kollektivin 250 nəfər üzvü var.
  Ansambl Rusiyada və onun hüdudlarından kənarda uğurlu qastrol səfərlərinə çıxır. Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblının repertuarında “Çoxmillətli Həştərxan”, “Ah, bu qış”, “Qələbə günü!”, “L.Zıkinanın xatirəsinə”, “Kazaçya” və s. konsert proqramları var. Kollektivin Xor və xoreoqrafiya kompozisiyalarında rus, kazak, tatar, kalmık, qazax, Azərbaycan və Ukrayna xalqlarının ənənələri təmsil olunmuşdur.

Keçidlər