Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

06 oktyabr 2013 | 15:00

Oktyabrın 5-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır. Şəhər sakinləri məhsulların keyfiyyətindən və yarmarkada yaradılan bolluqdan razıdırlar.
  Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 30,2 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 1,7 min ədəd yumurta gətirilmişdir.
  Yarmarkada ilk baxışdan səliqə-sahman, çeşidlərin bolluğu hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq alma, armud, üzüm, moruq, nar, heyva, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, göyərti, ağartı, məhsulları və s. kənd nemətləri təklif edilirdi.
  Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
  Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna ciddi nəzarət olunurdu.

Keçidlər