Prezident seçkilərinin ilkin nəticələri açıqlanmışdır
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (MSK) oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlamışdır.
Səsvermənin ilkin nəticələrinə görə, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Əliyev İlham Heydər oğlu ölkə üzrə seçicilərin 84,59 faizinin (3 milyon 118 min 287 səs) səsini qazanmışdır.
Son on il ərzində prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatı 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadi və sosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir. Azərbaycan bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır. Azərbaycanda bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərməkdədir. Azərbaycan dünya birliyinin mütləq əksəriyyətinin dəstəyi ilə dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur və hazırda bu təşkilata sədrlik edir.
Ölkə rəhbərinin birbaşa nəzarəti ilə Azərbaycanda bütün istiqamətlər üzrə konkret proqramlar vardır. Böyük infrastruktur layihələri icra edilir, şəhərlər abadlaşır, gözəlləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Dünyanın aparıcı iqtisadi qurumlarının reytinqlərinə görə, hətta dünyanı bürümüş iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan uğurla inkişaf edir. Azərbaqycan iqtisadiyyatı son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatların arasına daxil edilmişdir. Məhz buna görə də cənab İlham Əliyevin seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq yenidən növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
MSK sədri oktyabrın 10-da keçirdiyi mətbuat konfransında seçkilərin nəticələri ilə bağlı məlumat vermişdir. Səsvermə oktyabrın 9-da səhər saat 8:00-da başlanmış və saat 19:00-da başa çatmışdır. 125 seçki dairəsindəki 5492 məntəqədən 5466-nın protokolları MSK-ya daxil olmuşdur. Daxil olan protokolların nəticələrinə görə, yüksək seçici fəallığı ilə keçən seçkilərdə səsvermə hüququ olan 5 milyon 164 min 345 seçicinin 3 milyon 723 min 544-ü və yaxud 72,1 faizi iştirak etmişdir. Mütəşəkkilliklə keçən prosesi çox nüfuzlu xarici qurumların müşahidəçiləri izləmişlər. Səsvermə günü MSK-ya heç bir şikayət daxil olmamışdır. Prezident seçkiləri yüksək səviyyədə keçirilmişdir.
Ölkə üzrə yüksək əhval ruhiyyədə keçirilən seçkilərdə Nərimanov rayonu üzrə də seçici fəallığı ilə müşahidə olunmuşdur. Yerli və xarici müşahidəçilərin də nəzarət etdiyi seçkilərdə heç bir neqativ hal baş verməmişdir. Seçki prosesi tam şəffaf keçirilmişdir. 18 sayli Nərimanov-Nizami Seçki Dairəsi üzrə seçicilərin fəallığı 64.62%, 19 sayli Nərimanov birinci seçki dairəsi üzrə 65.54%, 20 sayli Nərimanov ikinci seçki dairəsi üzrə 62.81% olmuşdur. Bütün rayonlar üzrə olduğu kimi Nərimanov rayonunda da seçicilərin böyük əksəriyyəti cənab İlham Əliyevə səs vermişlər.