Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

11 iyun 2012 | 15:00

İyunun 9-10-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından daxil olmuş 62,8 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən gətirilmiş 15 min ədəd yumurta satılıb qurtarmaq üzrədir.
Daha çox meyvə-tərəvəz mövsümü olduğundan alıcılar pomidor, xiyar, çiyələk, gilas və digər məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirdilər. Bununla yanaşı, paytaxt sakinləri həmişə olduğu kimi, bu dəfə də ət, süd məhsulları, yumurta, göyərti və kartof, soğan, kələm, yerkökü, çuğundur və s. kənd nemətlərini həvəslə alırdılar.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
 

Keçidlər