Nərimanov rayonunda cari ilin doqquz ayının yekunları müzakirə olunmuşdur.
Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Nərimanov rayonun sosial-iqtisadi inkişafının 2013-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə hesabat iclası keçirilmişdir.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar Rayon İcra Hakimiyyəti binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Tədbiri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü ilə açaraq oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqində Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının qısa zaman kəsiyində çox uğurla icra olunduğunu, bu proqramın sona çatdırılması nəticəsində Bakı şəhəri və onun qəsəbələrində bütün infrastruktur və sosial məsələlərin həll olunacağını diqqətə çatdırdı.
İclasda qeyd edildi ki, ilin 9 ayı çox uğurlu olmuş, qarşıda duran bütün vəzifələr icra olunmuşdur.
Doqquz ay ərzində ölkə iqtisadiyyatı 5,4 faiz, qeyri - neft sektoru 10,4 faiz artmış, iqtisadiyyatın şaxələndirilməsi məsələlərinin həllində uğurlu nəticələr əldə edilmişdir.
Əhalinin pul gəlirləri 7,6 faiz artaraq 2,3 faiz təşkil etmiş inflyasiyanı bir neçə dəfə üstələmişdir. Bu da əhalinin rifah halının yaxşılaşdırılması üçün əlavə təminat yaratmışdır.
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da 10,5 milyardını daxili, 7,2 milyardını isə xarici investisiyalar təşkil etmişdir. Bu Azərbaycan kimi ölkə üçün çox yüksək göstəricidir.
Bu dövr ərzində valyuta ehtiyatlarımız xeyli artaraq 49,4 milyard dollar səviyyəsinə çatmışdır. Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Sosial proqramlarda uğurla icra edilir. Bu il maaşlar və pensiyalar artırılmışdır.
Son 10 il ərzində 1 milyon 200 mindən çox, son 9 ay ərzində isə 90 minə yaxın yeni iş yerləri açılmış, bu da işsizliyin səviyyəsinin 5%-dən aşağı düşməsinə səbəb olmuşdur. Son 10 ildə yoxsulluğun səviyyəsinin 6% -dən aşağı düşmüşdür.
İclasda iqtisadiyyat, sosial-mədəni, xarici siyasət və digər məsələlərlə bağlı geniş müzakirələr aparıldı. Ümumilikdə 2013-cü ildə qarşıda duran vəzifələrin tam və yüksək səviyyədə yerinə yetiriləcəyi böyük əminliklə qeyd edildi.
Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir.
2013-cü ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 447 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 103,2 faiz artım surəti əldə edilmişdir. 2013-cü ilin doqquz ayı ərzində istehlakçılara 1 milyard 450,9 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 83,5 faiz təşkil etmişdir.
Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 9948 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 7,9 faiz artaraq 551,1 manata çatmışdır.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2013-cü ilin doqquz ayında 1971 daimi iş yerləri yaradılmışdır.
9 ay ərzində bütün mənbələr hesabını əsas kapitala 282,9 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 77,1 % təşkil edir.
Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 1 milyard 533 milyon manat təşkil edərək əvvəlki dövrə nisbətən 2,4 dəfə artım əldə edilmişdir. Bu sahədə işləyən işçilərin sayı 15533 nəfər olmuş və onların orta aylıq əmək haqqı 2,2 % artaraq 490,6 manat təşkil etmişdir.
Hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş, rayon sakinlərinə 9 ay ərzində 3 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır. Rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanan bu mühüm tədbirin gələcəkdə daha da inkişaf etdirilməsi üçün tərəfimizdən müvafiq işlər görülür.
Doqquz ay ərzində “Gənclik” metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilmişdir.
Şəhərimizin ümumi görkəminə xələl gətirən H.Əliyev prospekti, Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov, Akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilirmişdir. Qeyd olunan binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir.
K.Rəhimov küçəsində sökülmüş 7 ədəd yaşayış binasının yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək ən müasir parkın salınması davam etdirilir, artıq parkın birinci hissəsində işlər başa çatdırılmışdır. Öz füsünkar gözəlliyi ilə seçilən, avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə salınmış parkın birinci hissəsi artıq sakinlərin istifadəsinə verilmişdir.
Nərimanov rayonunun qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu rayona da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Fərəhləndirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ilin 9 ayı ərzində 4 dəfə Nərimanov rayonunda olmuş, 31 yanvar 2013-cü il tarixdə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyasının, 07.03.2013-cü il tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun açılış mərasimlərində iştirak etmiş və 20.05.2013-cü il tarixdə Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur. Cənab Prezident 2 sentyabr 2013-cü il tarixdə isə “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimlərində iştirak etmişdir.
Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələri son zamanlar daha intensiv templə inkişaf edir. 2010-cu ildən başlayaraq bu günə qədər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığı ilə, Həştərxan şəhərində sosial sahəyə xeyli investisiya cəlb edən bir sıra genişmiqyaslı layihələr həyata keçirilmişdir.
Bu cür dinamik inkişafın göstəriciləri və iki dövlətin dostluq əlaqələrinin bariz nümunələri kimi, Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılaraq, ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmış, Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə Ulu öndər Heydər Əliyevin adı verilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunmuş, müasir standartlara uyğun iki yeni korpus inşa edilmiş və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılmış, mebel və texniki avadanlıqlarla təchiz edilmişdir.
Həyata keçirilən layihələrin davamı olaraq, ötən ilin sentyabrın 12-də Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Azərbaycan və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış "Arzu" uşaq əyləncə şəhərciyinin açılış, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilmişdir.
Məlumat üçün bildiririk ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan dövləti tərəfindən hazırda Həştərxan şəhərinin mərkəzində Müqəddəs knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidə kompleksi ucaldılmış və abidənin yerləşdiyi ərazidə müasir standartlara uyğun park salınmışdır. Yaxın günlərdə qeyd olunan parkın və abidə kompleksinin, Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbində fənn kabinetinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının “Gənclər evi”nin açılış, eyni zamanda yuxarıda adı qeyd olunan orta ümumtəhsil məktəbinin nəzdində inşa ediləcək uşaq bağçasının təməlqoyma mərasimləri keçiriləcəkdir.
9 oktyabr 2013-cü il tarixdə ölkəmizdə müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün böyük önəm kəsb edən Prezident Seçkiləri keçirilmişdir. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də Nərimanov rayonu seçiciləri fəallığı və mütəşəkilliyi ilə seçilmişlər. Nərimanov rayonu üzrə 108937 nəfər seçicinin 69601 nəfəri, yəni 63,89%-i seçkilərdə iştirak etmişlər. Tarixi bir seçim edən Azərbaycan xalqının müəyyən bir hissəsi olaraq Nərimanov rayon sakinləri həmin gün üzərinə düşən müqəddəs missiyanı şərəflə yerinə yetirərək, sülhə, tərəqqiyə və sivil dünyaya inteqrasiyanın tərəfdarı olduğunu təsdiqləyərək böyük səs çoxluğu ilə görkəmli və səriştəli dövlət xadiminə, liderə - cənab İlham Əliyevə səs verdi.
Rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xətt-1643” xidməti cari ilin sentyabr ayının 15-i tarixindən fəaliyyətə başlamışdır. Xidmətin əsas məqsəd və vəzifələri minimum zaman kəsiyində vətəndaşların problem və şikayətlərinin daha çevik və operativ şəkildə həll olunmasından ibarətdir. Sözügedən qısa vaxt ərzində artıq xidmətə 22 müraciət daxil olmuşdur. Onlardan 15-i tam həll olunmuş, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilmişdir.
Daha sonra tədbirdə millət vəkili Rasim Musabəyov, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Babək Hüseynov və 36 nömrəli tam orta məktəbin direktoru İradə Babayeva çıxış etmişdir.
İclasa yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində 9 ay ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir.