Bakı şəhəri üzrə məhəllələrarası mini-futbol turnirində Nərimanov rayonu 3-cü oldu
18 oktyabr 2013-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin yeni istifadəyə verilmiş mini-futbol meydançasında “18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 3-cü yer uğrunda Nərimanov və Yasamal rayonlarının komandaları, final oyununda isə Nizami və Binəqədi rayonlarının komandaları görüşmüşlər. Hər iki görüş gərgin oyun şəraitində keçirilmiş, Nərimanov rayon komandası 3 – 2 hesabı ilə qalib gələrək 3-cü yeri tutmuş, Nizami rayon komandası 7 – 0 hesabı ilə qalib gələrək turnirin qalibi olmuşdur. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında yarış iştirakçılarını bayram münasibətilə təbrik etmiş, futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu, həmçinin son illər respublikada futbol idman növünün maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsi kimi məktəbin mini-futbol meydançasının yenidən yüksək səviyyədə tikilib istifadəyə verilməsini bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, futbol formaları ilə və kuboklarla təltif olunmuşlar.