Nərimanov rayonunda fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutunun tələbələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda və Qobustan Muzeyində olmuşdur.
26 oktyabr 2013-cü il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Turizm İnstitutunun tələbə-gənclər təşkilatının təşkilatçılığı ilə İnstitutun bir qrup fəal tələbələri üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və orada yerləşən Qobustan Muzeyinə ekskursiya təşkil edilmişdir.
Ekskursiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda 2011-ci ildə inşa edilmiş Qobustan Muzeyindən başladı. Qeyd edək ki, Qobustan Tarixi-Bədii Qoruğunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılmışdır. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər.
Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunmuşdur. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. “Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunmuşdur. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir.