27 aprel 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda ictimaiyyət nümayəndələri, ziyalıların iştirakı ilə toplantı keçirilib.
Toplantı iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə böyük sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.
Həmçinin bildirildi ki, bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.