Şriftin ölçüsü :

Saytın rəngi :

27 yaşı tamam olan Vətən Müharibəsi Qəhrəmanı, baş-leytenant, şəhid Azad Hümbətovun əziz xatirəsi yad edilib.

24 yanvar 2023 | 17:00

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant,  şəhid Azad Hümbətovdur.

Nərimanov rayonundakı 291 nömrəli Ekologiya Liseyini bitirən Azad Hümbətov,  2017-ci ildə Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbi bitirərək, leytenent hərbi rütbəsinə yiyələnmişdir. Tank tağımı komandiri olan Qəhrəmanımız Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını qənimət kimi ələ keçirmişdi. Döyüşlər zamanı tankı ilə minaya düşən Azad Hümbətov özü ayağından yaralanmasına baxmayaraq döyüş yoldaşını kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Müalicəsini yarımçıq qoyaraq yenidən müharibəyə qatılan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimizin  döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”  adına layiq görülmüş, bir neçə medalla təltif olunmuşdur.

Qəhrəman şəhidimizin bu il  yanvarın 24-də 27 yaşı tamam olacaqdı.  Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, icra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri 27 yaşı tamam olan qəhrəman şəhidimiz Azad Hümbətovun məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Azad Hümbətovun  xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər