Milli Qurtuluş Gününə həsr edilmiş konfransda ümumilikdə 16 məruzə dinlənilmişdir
İyunun 14-də Bakı Avrasiya Universitetində (BAU) bu ali təhsil müəssisəsinin yaradılmasının 20 illiyinə və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş respublika elmi-praktiki konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsi yad olunmuşdur.
BAU-nun rektoru, professor Nazim Hüseynli rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixindən, fəaliyyətindən, 20 ildə qazandığı uğurlardan danışmışdır.
Konfrans iştirakçıları 1993-cü ilin iyun hadisələrini bir daha xatırlatmış, ulu öndərin böyük xilaskarlıq rolundan söhbət açmışlar. Bugünkü müstəqil, güclü Azərbaycan dövlətinin yaranmasında, qorunub saxlanmasında və möhkəmlənməsində dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətləri vurğulanmış, onun nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi bildirilmişdir.
Sonra Milli Qurtuluş Gününə həsr olunmuş qısa videofilm göstərilmişdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, şair İlyas Tapdıq, “Xəzər TV”nin xəbərlər departamentinin rəhbəri İbrahim Bostançı, Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev və başqaları çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyətindən, həmin günün ölkəmizdə bayram kimi qeyd edilməsindən, müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında BAU-nun rolundan danışmış, universitetin kollektivini yubiley münasibətilə təbrik etmişlər.
Plenar iclasda “Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsidir”, “Azərbaycan və müasir dünya”, “Milli Qurtuluş Günü türk xalqının milli sərvətidir”, “Bakı Avrasiya Universitetinin 20 illik tarixində xarici əlaqələr” mövzularında məruzələr dinlənilmişdir.
Sonra konfrans işini “Filologiya və dilşünaslıq problemləri” və “Regionşünaslığın aktual problemləri” bölmələrində davam etdirmişdir.
Bölmə iclaslarında “Folklorşünaslığın repressiyası”, “Azərbaycan əfsanələrində Nuh obrazı”, “Molla Nəsrəddin” jurnalının döyünən ürəyi: M.Ə.Sabir”, “Kredit təhsil formasının problemləri” və digər mövzularda ümumilikdə 16 məruzə dinlənilmişdir.
Konfransın materialları toplu şəklində çap ediləcəkdir.