Nərimanov rayonunda YAP-ın 21-ci ildönümü qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Rayon İcra Hakimiyyəti birgə YAP-ın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş növbəti tədbir keçirilmişdir.
Tədbirdə millət vəkili, Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri Rəşid Ağayev və İlqar Mirzəyev, 91-lərin üzvü, professor Əlişir Musayev və digər qonaqlar iştirak edmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov təşkilatının sədri Təmraz Tağıyev qeyd etmişdir ki, YAP hər zaman öndə olan partiyadır: “Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən biri də bugünkü uğurlarımızda mühüm rol oynayan, xalqın böyük əksəriyyətini təmsil edən YAP-ın yaradılmasıdır. YAP Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirərək, daima dövlətçiliyə, millətə xidmət edib”.
Daha sonra millət vəkili, Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı çıxış edərək söyləyib ki, Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş partiya bütövlükdə xalqın partiyası oldu: “Yeni Azərbaycan Partiyası 90-cı illərin əvvəlində Azərbaycan siyasi böhran keçirdiyi bir vaxtda Ulu öndər Heydər Əliyev tərəfindən yaradıldı. Partiyanın təsis konfransı 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində keçirildi və həmin tarixi konfransda Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarından 550 nəfər nümayəndə iştirak etdi. Belə bir məqamda, partiyanın yaranışı həm də Azərbaycanın, Azərbaycan xalqının düşdüyü bəlalardan qurtuluşunun əsasını qoydu.”
Tədbirdə professor Əlişir Musayev də çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir: “1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev qısa zaman ərzində mövcud problemləri aradan qaldırdı və müasir, qüdrətli Azərbaycanın əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev demokratik Azərbaycanın inkişafına öz töhfələrini verir”.
Daha sonra çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavinləri Rəşid Ağayev və İlqar Mirzəyev, YAP Gənclər Birliyi Nərimanov rayon təşkilatının sədri Yusif Babanlı,YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və digər qonaqlar da YAP-ın müasir Azərbaycan cəmiyyətində oynadığı əhəmiyyətli rolundan danışmışlar.
Tədbirin sonunda partiyaya yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olunmuşdur.