Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Bakı və Həştərxan Dostluğu” abidəsinin açılış mərasimi keçirilmişdir.

28 noyabr 2013 | 16:00

27 noyabr 2013-cü il tarixdə Nərimanov rayonu ərazisində, A.M.Cümə küçəsində yerləşən parkda “Bakı və Həştərxan Dostluğu” abidəsinin açılış mərasimi keçirilmişdir. Abidə Rusiya Federasiyasının Həştərxan vilayəti tərəfindən ucaldılmışdır.
Açılış mərasimində Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi, Həştərxan vilayəti dumasının sədri Aleksandr Klıkanov, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev və digər rəsmilərin daxil olduğu nümayəndə heyəti, Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər rəsmilər iştirak etmişlər.
Tədbirdə çıxış edən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında son zamanlar intensiv templə inkişaf edən sosial-iqtisadi əlaqələrin inkişafının yüksək templə davam etdiyini qeyd etmişdir. O, “Bakı və Həştərxan Dostluğu” abidəsinin bu dostluq münasibətlərinin genişlənməsində özünəməxsus yer tutacağını vurğulamış və Heydər Əliyev Fondu tərəfindən Həştərxanda aparılan sosial layihələrin əhəmiyyətini də qeyd etmişdir.
Mərasimdə çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq ölkəmizdə gördükləri qonaqpərvərlikdən razılığını bildirmişdir. Xalqlarımız arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlərin görüldüyünü qeyd edən qubernator qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya Fedrsiyasiyası arasında əlaqələrimiz Ümummilli lider Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılmışdır. Qonaq, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə Həştərxan vilayətində görülmüş genişmiqyaslı işlərdən də danışmışdır.
Qeyd edək ki, Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilmişdir. Belə ki,  Həştərxanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 saylı orta məktəbin rekonstruksiyası və yeni korpusunun tikilməsi, Ümummilli liderin abidəsinin onun adını daşıyan parkda ucaldılması, Heydər Əliyev parkı ilə I Pyotrun abidə kompleksini birləşdirən “Rusiya və Azərbaycan Dostluğu” piyada keçid körpüsünün açılması, “Arzu” uşaq əyləncə şəhərciyinin salınması və digər layihələr iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edən amillərdəndir.
Sonra  rəsmi qonaqların da iştirakı ilə “Bakı və Həştərxan Dostluğu” abidəsinin rəsmi açılışını bildirən qırmızı lent kəsilmişdir.
Açılış mərasimində məktəblilərin ifasında Rusiya və Azərbaycan milli rəqsləri nümayiş olunmuşdur. Yekunda mərasim iştirakçıları tərəfindən dostluq simvolu olan ağaclar əkilmişdir.

Keçidlər