Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident cənab İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığa toxunan Aleksandr Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirdi.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı, bu əlaqələrin möhkəmlənməsinə Aleksandr Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında dostluq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Həyata keçirilən birgə layihələrə toxunan dövlətimizin başçısı paytaxtımızda istifadəyə verilməsi nəzərdə tutulan “Həştərxan-Bakı” parkını dostluğumuzun yaxşı nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Jilkinin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini dedi və ordeni ona təqdim etdi.
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın yüksək ordenlərindən olan “Dostluq” ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.