Heydər Əliyev Mərkəzində Ümummilli Liderə həsr olunmuş kitab-albomun təqdimatı keçirilmişdir
Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Liderinin 90 illiyinə həsr olunmuş kitab-albomun təqdimatı keçirilmişdir.
“Böyük insanın ömür anları...” albomunda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini - uşaqlıq və yeniyetməlik illərini, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrü əks etdirən fotolar toplanmışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əlİyevanın nəşrə yazdığı “Ön söz”də deyilir: “Hər bir xalqın tarixi salnaməsi qələbə və məğlubiyyət, tərəqqi və tənəzzüllün əks olunduğu səhifələrlə zəngindir. Hər bir tarixi dövr ölkəsinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynayacaq nadir şəxsiyyətlər yetişdirir. Azərbaycan üçün belə şəxsiyyətlərdən biri ömür səhifələri böyük bir epoxanın aynası kimi ölkə tarixinin müəyyən bir dövrünü özündə əks etdirən Heydər Əlirza oğlu Əliyev oldu”.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qeyd etmişdir ki, bu fotoalbom vasitəsilə ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının və tarixi irsinin həqiqi sahibinə çevirmək arzusu ilə yaşamış, bu arzunu həqiqətə çevirmiş Heydər Əliyevin ömür salnaməsi təqdim olunur və buradakı şəkillərin əksəriyyətini tarixi sənəd adlandırmaq olar. Mehriban xanım Əliyeva daha sonra yazır: “Albomda yer almış fotoşəkillər öz emosional məzmununa görə çox fərqlidirlər. Bəzilərində əhəmiyyətli tarixi hadisələr əks olunub, digərlərində isə Heydər Əliyev qeyri-rəsmi şəraitdə, ailəsinin, doğmalarının, dostlarının əhatəsindədir. Bu şəkillərdə o, müxtəlif anlarda çəkilib – gah sərt, gah gülümsərdir, gah qərarlı, gah təmkinlidir, gah narahat, gah ilhamlıdır, gah qayğılı, gah da ki, həqiqətən xoşbəxtdir. Heydər Əliyev həyatının fotoşəkillərdə həkk olunmuş müxtəlif anları onun şəxsi keyfiyyətlərinin, heyrətamiz yaradıcı enerjisinin, müdrikliyinin, məsuliyyət və fenomenal işgüzarlığının əyani sübutudur”.
Albomda Ulu Öndərin ilk dəfə işıq üzü görən fotoşəkilləri də dərc olunmuşdur. Fotolar Azərbaycanla yanaşı, Rusiya Federasiyası və digər ölkələrin arxivlərindən toplanmışdır.