Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Rusiya Federasiyasının Həştərxan vilayətində də yad edilmişdir.
12 dekabr 2013-cü il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Həştərxan şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi önündə keçirilmiş anım mərasimində Həştərxan vilayəti və şəhərinin rəhbərliyi, iş adamları, diaspor təmsilçiləri, “AMOR”-un Həştərxan bölməsinin üzvləri, ictimaiyyət nümayəndələri, bu şəhərdə yaşayan həmvətənlərimiz və tələbələrimiz iştirak etmişlər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin əziz və parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül çələngləri və tər çiçəklər qoyulmuşdur.
Anım mərasimində çıxış edənlər Ulu öndər Heydər Əliyevin əziz və dahi şəxsiyyət olduğunu vurğulamış, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışmışlar. Natiqlər Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətləri sadalamış, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.
Çıxışlarda həmçinin qeyd olunmuşdur ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün Ulu Öndərin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Belə ki, bu gün Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir.
Eyni zamanda həmin gün Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin akt zalında məktəb kollektivinin və şagirdlərinin iştirakı ilə Ümummilli Liderin anım mərasimi keçirilmişdir. İlk öncə məktəbin foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım tədbirində çıxış edən məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər Heydər Əliyevin fəaliyyəti, SSRİ və Azərbaycanın tarixində unudulmaz rolu haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürmüşdür. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanın inkişafı naminə əlindən gələni əsirgəməmişdir. Ulu Öndər nəinki Azərbaycan xalqının parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur. Çıxış edənlər Heydər Əliyevin SSRİ zamanı və müstəqilik dövrü Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətlərini xüsusi qeyd edərək, dahi rəhbərin ölkələrimizin ikitərəfli əlaqələrində əsil dönüş yaratdığını vurğulamışlar. Eyni zamanda onlar Azərbaycan və Həştərxan vilayəti arasında mövcud səmərəli ikitərəfli əməkdaşlıq, o cümlədən həyata keçirilən genişmiqyaslı layihələrdən məlumat vermişlər.
Məktəbin kollektivi və şagirdlər təhsil ocağının məhz Ulu Öndərin adını daşımasından fəxr etdiklərini bildirmişlər.