Nərimanov rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.
12 dekabr 2013-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
İlk öncə İcra Hakimiyyətinin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyulmuşdur.
Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev vurğulamışdır ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on il keçir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. A.Fərzəliyev qeyd etmişdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Anım mərasimində çıxış edən millət vəkili Siyavuş Novruzov və digərləri ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışmışlar. Natiqlər ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin bu gün dünyanın və regionun inkişaf etmiş dövləti olduğunu bildirdilər. Artıq Azərbaycan regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində baş verir.Bildirilmişdir ki, Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ümummilli lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi tədbirlər miqyasına görə onilliklərin çərçivəsinə sığmır. Ulu öndərin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etmişdir.
Qeyd edək ki, Nərimanov rayonu ərazisində təhsil, səhiyyə ocaqlarında, idarə və təşkilatlarda Ulu Öndər Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi tədbirlər keçirilmişdir.