Şriftin ölçüsü :

Saytın rəngi :

30 yaşı tamam olan Vətən Müharibəsi Qəhrəmanı, baş-leytenant, şəhid Azad Hümbətovun əziz xatirəsi yad edilib.

24 yanvar 2026 | 16:44

Azərbaycan Respublikasının ərazi bütövlüyüynün bərpa edilməsində, tarixi Qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovdur.

Azad Hümbətov Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı tankı ilə minaya düşən Azad Hümbətov yaralanmasına baxmayaraq döyüş yoldaşını kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.

Qəhrəman şəhidimizin bu il yanvarın 24-də 30 yaşı tamam olacaqdı.  Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov təşkilatının sədri Elin Quliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Millət vəkilləri, İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri 30 yaşı tamam olan qəhrəman şəhidimiz Azad Hümbətovun məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Azad Hümbətovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir.

Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər