Respublika İdman Tibb Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir
İyunun 21-də Bakıdakı Nərimanov rayonunda Respublika İdman Tibb Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Mərkəzin təməlqoyma mərasiminin məhz “İdman ili”ndə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir. Bildirmişdir ki, idmanda yüksək nailiyyətlərin qazanılmasında tibbin rolu çox böyükdür. Bu Mərkəzdə idmançıların vaxtlı-vaxtında müayinədən keçməsi və bərpa proseslərini yerinə yetirməsi üçün lazımi şərait yaradılacaqdır.
Hazırda Tofiq Bəhramov adına Respublika stadionunun inzibati binasında yerləşən idmançıların diaqnostika mərkəzinin dünya standartlarına cavab vermədiyini diqqətə çatdıran nazir yeni Mərkəzdə müasir avadanlığın quraşdırılacağını qeyd etmişdir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə inşa olunacaq Mərkəzin əhəmiyyətini yüksək qiymətləndirmiş və növbəti – 2016-cı il Rio da-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın bu tibb ocağında müayinədən keçib mötəbər yarışa yollanacağına inandığını ifadə etmişdir. İdman tibbinin problemlərinin dünya elminin diqqət mərkəzində olduğunu bildirən natiq müasir dövrdə güclü tibbi təminatı olmayan idmançıların böyük nəticələr qazana bilmədiyini söyləmişdir.
Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışmış, Mərkəzin idmançılarımızın yeni uğurlar qazanmasında mühüm rol oynayacağını bildirmiş və tibb müəssisəsinin beynəlxalq standartlara cavab verəcəyini diqqətə çatdırmışdır.
Gənclər və idman naziri Azad Rəhimov metal gilizi bünövrəyə atmışdır.
Mərkəzin inşası üçün 0,2 hektar torpaq sahəsi ayrılmışdır. Bina 3 mərtəbə və zirzəmidən ibarət olacaqdır. Mərkəzdə qeydiyyat otağı, qarderob, toplantı zalı, VİP zona, aptek, kafe, gözləmə zalı, laboratoriya, müalicəvi hovuz, masaj fəaliyyət göstərəcəkdir.