Ümummilli Lider Heydər Əliyevin vəfatından 10 il ötür.
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının onuncu ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-təaladan rəhmət diləyirdilər.
Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Bu gün həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun bir sıra idarə və təşkilatların rəhbərləri və əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.