Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Dədə Qorqud parkının açılışında iştirak etmişdir.

14 dekabr 2013 | 16:00

Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışı olmuşdur.
  Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
  “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, Azərbaycan xalqının tarixi keçmişi, Oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunmuşdur. Dastan dilimizin qədim incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir.
  Müasir dövrdə “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı ilə “Dədə Qorqud” bədii filmi çəkilmişdir. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə dastanın 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində qeyd olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınmışdır. Bu tarixi abidənin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak etmişdir. Dövlətimizin başçısının 2007-ci ildə imzaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilmişdir. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmışdır.
  Dövlətimizin başçısı kompleksdə həyata keçirilən tikinti-quruculuq işlərini daim nəzarətdə saxlamış, mütəmadi olaraq əraziyə gələrək müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Yeni salınan park Bakı şəhərinin simasının daha da gözəlləşməsinə geniş imkanlar açaraq paytaxt sakinlərinin istirahəti baxımından xüsusi əhəmiyyət daşıyır.
  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə park haqqında ətraflı məlumat verdi.

Keçidlər