Prezident İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimdə iştirak etmişdir
Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur.
Prezident cənab İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak etmişlər.
“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
Prezident cənab İlham Əliyev və “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Dövlət başçısı mərasimdə çıxış etdi.
Sonra sənədlərin imzalanması mərasimi oldu.
Əvvəlcə Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında əməkdaşlıq, “Cənub” qaz dəhlizi layihəsi və Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Natiq Əliyev, Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar.
Sonra “Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi imzalandı. Sənədi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi əməliyyatçısının prezidenti Qordon Birrel imzaladılar.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edən dövlət və hökumət başçıları ilə birgə nahar etmişlər.