Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçasının təməli qoyulmuşdur
Dekabrın 20-də Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçirilmişdir.
Şəhərin Bakinskaya küçəsində, Heydər Əliyev adına məktəblə üzbəüz yerləşəcək yeni uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcəkdir.
Təməlqoyma mərasimindən sonra Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan bölməsinin nümayəndələri ilə görüşmüşdür.
RAGB-nin Həştərxan bölməsinin rəhbəri Elvin Hüseynov gənclər təşkilatının Həştərxanda fəaliyyəti barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Həştərxan Vilayət Qubernatoru Administrasiyası bu bölməni vilayətdə ən yaxşı gənclər təşkilatı seçmişdir. Onun sözlərinə görə, RAGB-nin Həştərxan bölməsi “Mersi Baku” adlı Şən və Hazırcavablar Klubu (ŞHK) yaratmışdır. Bölmə vilayətdə müxtəlif mədəni, idman və elmi tədbirlərin təşkilində fəal iştirak edir.
Sonra Heydər Əliyev adına məktəbdə müəllimlər və şagirdlərlə görüş olmuşdur. Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondu tərəfindən bu məktəbə göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.
T. Tixomirova vurğulamışdır ki, Heydər Əliyev adına orta məktəb hazırda Həştərxan vilayətində qabaqcıl təhsil ocaqlarından biridir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd etmişdir ki, son illərdə Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirmişdir. O vurğulamışdır ki, Fond təhsilin inkişafına xüsusi diqqət yetirir. Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada bir neçə təhsil layihəsi həyata keçirmişdir. Leyla Əliyeva Azərbaycan–Rusiya əlaqələrinin möhkəmlənməsində gənclərin də böyük rol oynadığını qeyd etmişdir.
Sonra ilin ən yaxşı müəllimləri və şagirdləri təltif edilmişdir. Məktəbə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunmuşdur.